WEB Dizayn Studiya

Startup Kimlər Üçündür: Startupla Adi Biznesin Fərqi Nədir?

112 642
0
0
06:47

Опубликовано:

Məncə artıq hər kəs bilir ki, startup nədir. Yenə də bir cümləylə startupın tərifini vermək çətin olar. Mən çalışacağam: Başlamaqda olan kiçik biznesin tam bir kommersiya qurumuna çevrilənəcən keçdiyi yola startup deyilir. Alındımı? Sadəcə olaraq bunu elə yazmağa başlayanda düşündüm. Əslində isə tərif vermək o qədər də önəmli deyil. Kimlərsə restoran, kafe, gözəllik salonu, ya da kiçik stomatologiya ofisini açdıqda onu startup adlandıra bilər. Haradasa bunda həqiqət də var. Kimlərsə razılaşmırsa, onlar da haqlıdırlar: biznesin bu forması çox yenidir və hələ sona qədər araşdırılmayıb. Mən də istərdim ki, sadəcə yeni biznesə başlayanların yararlanabiləcəyi nöqtələrə toxunum. Beləliklə.
Startup Adi Biznesdən Nə ilə Fərqlənir?
Fərq 1: Startupa Kiçik Kapitalla Başlamaq Olar. İlk fərq ondadır ki, biznes açmaq üçün haradasa tam heyət olmalıdır. Heyət tam olmasa da, ofis, çalışacağı bazar, gəlir götürmə yolları.. ən əsası isə məhsul hazır olmalıdır. Startuplar isə kiçik bir heyətlə də başlaya bilər. Ola bilər ki, sadəcə bir insanın proyekti olsun. Ofis o qədər də vacib deyil, çünki planda hələ bir, ya bir neçə il gəlir götürmədən işləmək ola bilər. Bu hər bir startupa başlamadan nəzərə alınmalıdır. Məhsul isə yaxşı olar ki, istifadəçilərin sayını artırmaq, gələcək bazarı yaratmaq üçün pulsuz (və ya qeydiyyat qarşılığında) paylansın. Yetər ki, hər kəs sizin məhsula toxunsun. Çatışmazlıqları da bahalı yoxlama laboratoriyalarında deyil, tam iş başında görəsiniz. Hər bir addım istehsal xərclərinin azalmasına aparır, elə deyilmi?!
Fərq 2: İnvestor Həm də Startupın Heyətində Yer Alır. Xərclərin çox müxtəlif olmasıyla bərabər, ilkin kapitalın tapılması yollarında da fərqlər var. Belə ki, yeni yaradılan kiçik bizneslər kredit və ya qrantlar hesabına maliyyələşirsə, startuplar isə başlıca olaraq investorlar və sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki startupların sonda nə qədər uğur gətirəcəyini, yoxsa tamamilə batacağını öncədən hesablamaq çox çətindir.
Burdan yola çıxsaq, maliyyələşmə kanallarının fəqli olması nəticəsində startuplar başlanılmaqda olan bizneslərlə müqayisədə daha çox dəstək alırlar və almağa məcburdurlar da. Çünki, işin böyük parçası yatırım edərək riskə getmiş investor və sərmayə şirkətlərinin payına düşür.
Fərq 3: Startupların Dəqiq Düşünülmüş İnkişaf Planı və Qeyri-Müəyyən Sonu. Özəl biznesə başlayarkən öncədən çıxış planı əlinizdə olmaya da bilər. Hər halda əgər işlər getməzsə verəcəyiniz qərarlar sizdən asılı olacaq. Ancaq startup üçün investor axtararkən çıxış planının olması şərtdir. Görüləcək işlər, inkişaf strategiyası öncədən xırdalıqlarına qədər planlaşdırılmalıdır. Qarşıya qoyulmuş vaxt ərzində düşünülmüş işlərin aparılması mümkün olmadıqda investor nə edəcək? Bu sualın cavabı sizdə yoxdursa, investor tapmaq çətin olacaq. Bəlkə də çətin olmaz: əgər sizin artıq böyük biznesə çevirdiyiniz startuplar varsa, onları nümunə göstərin.
Kimlər Startup Biznesinə Başlaya Bilər
Hər kəs bir startupa başlaya bilər. Ancaq yaxşı olar ki, hər kəs başlasın. Bəlkə də sizin başladacağınız yeni biznes çoxlarına iş yeri, çıxış yolu və rahatlıq gətirəcək?! Nə üçün özünü sınamırsan? Əgər aşağıdakı xüsusiyyətlər sizdə varsa, əmin olun ki, startuplar tam sizə görədir.
Əgər Çalışmaq Sizin Qanınızdadırsa. Startup biznesi tam sizin kimi insanlar üçündür. Yaradıcılıq prosesində qarşıya çıxan çətinlikləri çözmək və heç nəyə baxmadan irəliyə doğru addımlamağı sevən insanlar bu biznes yolunu seçməlidir.
Məhsul və ya Xidmətinizin Böyük Bazara Çıxması Gərəkdirsə. Startupların başlanmasında ən böyük səbəblərdən biri (bəlkə də birincisi) onun bütün internet istifadəçilərinə çatdırılmasındadır. Əgər kiçik biznesiniz yaxşı gedirsə, onu böyük bir şirkətə çevirmək üçün çıxış yolunu tapın.
Biznesə Başlamaq Üçün Nəysə Çatışmırsa. Ola bilər ki, dayanmadan çalışmaq, həm də özünüz üçün çalışmaq sizin arzunuzdur. Biznesə başlamaq üçün hazır məhsul və ya xidmətlər (ola bilər ki, sadəcə planınız) var. Amma risk etmirsiniz. Həm də biznesə başlamaq üçün sadəcə gözəl ideya ilə işlər həll olunmur. Ortağınız peşəkar marketoloq, proqramçı ya da bir texnik olarsa çatışmazlığı aradan qaldırmaq asan olar.
Siz innovatorsunuzsa. Startuplar biznesində yeniliklər çox şeydir. Hər şeyi yeni tapıntıların həll etdiyini deyə bilərik. Buna görə də bütün böyük şirkətlər innovasiyalara böyük pullar ayırır. Onlar uğurlu startupları axtarır və bir neçə il vaxt itirərək onu hazırlamaqdansa işin haqqını ödəyərək startupı almağa hazırdır. Buna görə də yaxşı innovatorun öncədən düşünülmüş çıxış planının olması lazımdır.
Bütün bu keyfiyyətlərdən hansınısa özünüzdə görürsünüzsə mütləq bir startupa başlamaq haqqında düşünməlisiniz. Necə? Gələcək bloq yazılarımızı oxumağı unutmayın.

Daha geniş: http://www.web.com.az/startup-kimler-ucundur-startupla-adi-biznesin-ferqi-nedir/

Следующее видео